“Növbəti il bələdiyyə seçkiləri ilidir. Bələdiyyə sədrlərinin məsuliyyət hissini artırmaq üçün bələdiyyələrdə təhvil-təslim prosesi keçirilməlidir”- bu fikirləri Azərbaycan Qəsəbə Bələdiyyələri Milli Assosiasiyasının və M.ə.Rəsuzladə bələdiyyəsinin sədri Hümbət Hüseynov Belediyye.infoya açıqlamasında bildirib.
Sədrin sözlərinə görə, bu proses özü də qanunvericilikdə öz əksini tapmalıdır ki, bələdiyyə sədri öz rəhbərlik etdiyi dövrdə borc yaradıbsa məsuliyyətə cəlb olunsun, bu borcun hansı səbəbdən yaranmasına açıqlama versin. Bu, sözsüz ki, ciddi məsələdir, Azərbaycan Qəsəbə Bələdiyyələri Milli Assosiasiyası olaraq hazırda bu məsələnin üzərində də işləyirik.
Bunun üçün bələdiyyə sədrləri arasında maarifləndirmə işlərinin aparılmasına da ehtiyac vardır ki, belə hallar təkrarlanmasın. Bildiyiniz kimi, Bələdiyyə büdcə quruculuğu əsasnaməsinin Yerli büdcənin xərcləri bölməsində göstərilir ki, yerli büdcəyə daxilolmaların vəziyyətindən asılı olmayaraq, əmək haqqı xərcləri, əmək haqqına üstəlik və bələdiyyə borcuna xidmət xərcləri müdafiə olunan xərc maddələri hesab olunur.
Hər il üçün yerli büdcə layihəsi təsdiq olunarkən bələdiyyənin ümumi yığıncağı zəruri sayılan xərc maddələrini müdafiə olunan xərc maddələri kimi sənəddə təsbit edə və DSMF-yə, həmkarlar komitəsinə və digər təşkilatlara olan borcların yaranmamasına imkan verməyə bilər.
Düşünürəm ki, DSMF-yə görə tələb olunan ödənişlər vaxtında ödənilməli və bu istiqamətə aid xərclər digər istiqamətə yönəldilə bilməz. Bu gün bələdiyyələrdə yaranan borc sözün həqiqi mənasında sədrlərin məsuliyyətsizliyi və diqqətsizliyi ucbatından yaranan borclardır.
Belediyye.info